Dollara meyl niyə artıb: Manata inam itirmi? |TƏHLİL
Yanvarda hüquqi şəxslərin depozitləri ötən ilin dekabr ayının sonu ilə müqayisədə 196,3 milyon manat artaraq, 22 milyard 164 milyon manata çatıb. Bu zaman hüquqi şəxslərin xarici valyutada olan depozitləri üzrə artım 542 milyon manat təşkil edib. Bu da hüquqi şəxslərin milli valyutada depozitlərinin 345,7 milyon manat azalması deməkdir.
Yanvar ayı ərzində ölkədə dollarla verilən kreditlərin də həcmi artıb. 2024-cü ilin yanvarında bankların ümumi kredit portfeli üzrə artımın 82%-i xarici valyuta ilə verilənlərin hesabına olub. Bu, çox təhlükəli tendensiyadır.
Bütün bunlar nə ilə əlaqədardır?! Ölkədə dollarlaşma prosesi başlayıbmı? Yoxsa manata inam itir? Səbəb nədir?!
Düşünürəm ki, Mərkəzi Bankın keçirdiyi hərraclarda ABŞ dollarına tələbatın artması müvəqqəti xarakter daşıyır. Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi ilə əlaqədardır. 2024-cü ilin ötən dövrü ərzində valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. Yəni dollara tələb artsa da, təklifi daha üstün olub. Çünki tədiyyə balansı profisitli vəziyyətdədir. Başqa sözlə desəm, ölkəyə xarici valyuta axını onun ölkədən çıxışından çoxdur.
Depozitlərin strukturuna gəlincə, ölkədə xarici valyuta ilə əmanətlərin yerləşdirilməsi rentabelli deyil. Cəmi 2,5% dividend səviyyəsinə görə sığorta vədi verilir, halbuki, manatla depozitlər üzrə bu rəqəm 12%-dir. Odur ki, yanvardakı tendensiya bilavasitə fiziki şəxslər üzrə sırf subyektiv amillərlə bağlıdır.
O ki qaldı kreditləşdirmədə dollarizasiya tempinə, bax, buna ciddi yanaşmaq lazımdır. Belə ki, hərraclarda ABŞ valyutasına tələbin yüksəlməsi də, cari ilin yanvar ayında bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin artması da məhz idxal faktoru ilə bağlıdır. Ölkəyə idxal genişlənməkdədir.
İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsinin həcmi və strukturudur. Xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz. O səbəbdən ki, idxal ixracdan fərqli olaraq, ölkədən pul aparır və milli valyutanın dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur.
Keçən ilin yekununa görə, 2022-ci illə müqayisədə xarici ticarət dövriyyəmiz faktiki qiymətlərlə 20,2%, real ifadədə 5,6% enib. İdxal real ifadədə 1,9% artdığı halda, ixrac 8,2% azalıb. Bir sözlə, manatı saxlayan neftdir, yoxsa dollarlaşma daha geniş vüsət alardı.
Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün